Cümə axşamı, 16 May

XƏBƏRDARLIQ: "Ciddi su çatışmazlığı ilə üzləşə bilərik" - FOTO

image

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi Quba rayonunda çay yataqlarına mümkün mənfi təsirin qarşısının alınması, həmçinin çay məcralarında yerləşən qum-çınqıl karxanalarının fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun aparılmasına nəzarət məqsədilə "Meliorasiya və Su Təsərrüfatı" ASC ilə birgə monitorinqlər keçirib.

Bu barədə Dövlət Agentliyindən məlumat verilib.

Agentliyin mütəxəssisi Sadiq Əmiraslanov bildirib ki, monitorinqin nəticələri sözügedən regionda qum-çınqılın qanunsuz hasilatı nəticəsində çay məcralarının intensiv sürətdə istismara məruz qaldığını göstərir: "Məcrası 30 metrə qədər dərinləşən çayın kənarlarında yerləşən bağların ərazilərində uçqun baş verib. Vəlvələçayın Quba rayonu ərazisindən keçən hissəsində karxana fəaliyyəti nəticəsində çayın dərəsi 20 metrə qədər dərinləşib və 10 hektar səthə malik göl əmələ gəlib. Qudyalçayda sugötürücü qurğudan aşağı axında yerləşən karxanalar da bərpa olunmayan və ya bərpası çox zəif gedən sahələrdəndir ki, burada da bəzi karxanalarda istismardan sonra gil qatı açılıb.

Beləliklə, Quba-Xaçmaz zonasında Qudyalçayda - “Qudyalçay”, “Qımılçay”, “Zizik”, Qaraçayda – “Qaraçay II”, “Mirzəqışlaq”, “Nügədi”, Vəlvələçayda - “Vəlvələçay I, II”, “Talıbqışlaq”, Çağacuqçayda isə “Cağacuqçay” qum-çınqıl qarışığı yataqlarında intensiv istismar işləri aparıldığına görə çay məcralarının normadan artıq dərinləşməsi, sahillərin isə genişlənməsi baş verib. Sözügedən çaylardakı karxana fəaliyyəti ümumilikdə regionun hidrogeoekoloji şəraitinə mənfi təsir göstərir. Belə ki, qidalanması bu çaylar hesabına olan yeraltı sular, hazırda əksinə olaraq çayları qidalandırır. Həmçinin çaylardakı bu intensiv istismar fəaliyyəti bu regionda su ehtiyatlarının tükənməsinə yeraltı və yerüstü suların çirklənməsinə və ətraf ərazilərdə ekoloji tarazlığın pozulmasına səbəb ola bilər. Bir sözlə, qeydə alınan qanunsuz fəaliyyət ətraf ekosistemə ciddi ziyan vurub".

Sadiq Əmiraslanov deyib ki, qazıntı işləri aparmaq üçün icazəsi olan istismarçı geoloji uçotun aparılması üçün fəaliyyətə mütləq peşəkar geoloqlar cəlb etməlidir.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Azər Şükürov vurğulayıb ki, məqsəd hasilat işləri aparmaq üçün icazəsi olan istismarçıların fəaliyyətinə maneə törətmək deyil, onlardan sadəcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müəyyən etdiyi dərinlikdə, onlara müvafiq icazə sənədi ilə ayrılan ərazidə qazıntı işlərinin qanuna müvafiq qaydada aparılması tələb olunur:

"Biz anlamalıyıq ki, ekologiyanın təhlükəsizliyinə vurulan ziyan dövlət təhlükəsizliyinə vurulan ziyana bərabərdir. Bütün dünyada, beynəlxalq səviyyədə su qıtlığı ilə mübarizə aparıldığı halda su ehtiyatlarımıza qarşı bu cür yanaşma bizi böyük məsuliyyətə cəlb edir. Bu mövzuda agentlik tərəfindən istismarçılarla dəfələrlə görüşlər təşkil olunub, ətraf mühitə vurulan ziyanın miqyası müzakirə edilmişdir. Yanlış istismarın nəticəsi gələcəkdə fəaliyyəti zamanı nöqsanlara yol verən həmin sahibkarın öz evində, fəaliyyətində, gündəlik həyatında su qıtlığı şəkilində özünü büruzə verəcək".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00